KİV: “Türkiyə rusiyalılara turistik yaşama icazəsinin verilməsini dayandırıb”
Türkiyədəki rusiyalılara turistik yaşama icazəsinin verilməsi dayandırılıb.
Bu barədə “VPost” nəşrinə Türkiyədə bu problemlə üzləşən rusiyalılar danışıb.
Dekabrın 26-dan etibarən Türkiyənin müxtəlif bölgələrində ən azı bir il ölkədə qalmaq hüququ verən turistik yaşayış icazəsi üçün müraciət edən rusiyalılar problemlərlə üzləşməyə başlayıblar.
Hazırda Fəthiyədə, İzmirdə və Kaşda yaşayan bir neçə rusiyalı nəşrə bildirib ki, Türkiyənin Miqrant İdarəsində müraciət etməli və müsahibə verməli olanların görüşü ləğv edilir, yaşamaq üçün gələnlərə isə icazə verilmir.
Qeyd edək ki, bir çox rusiyalı turist yaşayış icazəsi almaq asanlığına görə köçmək üçün Türkiyəni seçib. Belə ki, bunun üçün yalnız gəlir sübutu və uzunmüddətli – altı aydan başlayaraq – kirayə ev üçün notarial qaydada təsdiq edilmiş müqavilə lazımdır.