Bakı Ticarət Bankının maliyyə vəziyyəti necədir: Hesabat
“Bank BTB” 2018-ci ilin yekun hesabatını açıqlayıb. “Bank BTB”in diqqətçəkən müsbət göstəricilərindən biri müddətli depozit portfelinin artımıdır. Stabil fəaliyyəti ilə fərqlənən bu bank digər maliyyə qurumlarındakı depozitin həcmini 13 dəfə artırıb.
Vəsaitlər daha çox kreditlərə yönəlib
"BI" xəbər verir ki, “Bank BTB”nin balans hesabatına əsasən, 2018-ci ilin yekununda cəmi aktivlərin həcmi 2017-ci illə müqayisədə 17,2% artaraq 314 milyon 773 min manat olub, bunun 244 milyon 422 min manatı isə risk üzrə ölçülüb. Aktivlərin tərkibinə baxsaq, müştərilərə verilən kreditin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8% artaraq 175 milyon 231 min manat təşkil edib. Bank aktivlərinin 13 milyon 934 min manatını nağd şəkildə saxlayır, müxbir hesablarındakı vəsaitin həcmi isə 20 milyon 339 min manatdır. Qeyd edək ki, bankın nağd vəsaitləri və müxbir hesabındakı aktivlərin həcmi azalıb və belə görünür ki, kreditlərə yönəlmə ilə pul bazasının daha aktiv işlənməsi qərara alınıb. Amma banklar da daxil olmaqla maliyyə institutlarındakı depozitinin həcmi 1 milyon manatdan 13 milyon manata yüksəlib.
Mərkəzi Bankdan aldığı borcun bir hissəsini ödəyib
2018 -ci ilin sonunda bankın cəmi öhdəlikləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,7% artaraq 259 milyon 367 min manat olub. Bankda müştərilərin tələbli depozitinin həcmində cuzi azalma, müddətli depozitlərdə isə 60% artım müşahidə olunur. Bankın Mərkəzi Banka borcu 18 milyon 290 min manata düşüb. Belə ki, bank 2018-ci ildə Mərkəzi banka olan borcunun 8 milyon manata yaxınını qaytarıb. “Bank BTB”nin digər maliyyə qurumlarından aldığı kreditlərin həcmi isə 105 milyon 13 min manat dəyərində öhdəlik yaradıb.
“Bank BTB”nin 2018-ci ilin yekununda cəmi kapitalı 55 milyon 406 min manat, məcmu kapitalı 55 milyon 80 min manat olub. Bu göstəricilər isə 50 milyon manatlıq minimum tələbi ödəyir. Qeyd edək ki, bankın əvvəlki illərdənqalma 14 milyon manatlıq zərəri də var və təbii ki, bu kapitalı azaldır.
Ümumilikdə isə bankın kapital gəlirliliyi yüksəkdir, məsələn, məcmu kapitalın adekvatlıq əmsalı 10 faiz normaya qarşı 20,36% təşkil edir.
Mənfəəti 2,5% artıb
"BI" bankın mənfəət və zərər hesabatına əsasən xəbər verir ki, bankın faiz gəlirləri 19 milyon 69 min manat, faiz xərcləri 10 milyon 887 min manat, qeyri-faiz gəlirləri 6 milyon 588 min manat, qeyri-faiz xərcləri isə 13 milyon 339 min manat təşkil edib. Nəticədə bankın əməliyyat mənfəəti 1 milyon 430 min manat olub. Bunun 726 min manatı aktivlər üzrə mümkün zərərin ödənilməsi üzrə ehtiyata ayrıldığından “Bank BTB”nin 2018-ci ilin yekununda mənfəəti illik müqayisədə 2,5% artaraq 704 min manata çatıb.