Prezidentin yüksək vəzifə verdiyi Adil Kərimli kimdir?
Xəbər verdiyimiz kimi, Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. O, eyni zamanda mədəniyyət naziri vəzifəsini icra edəcək.
Adil Kərimli bu təyinata qədər Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb. 2012-ci ildən bu vəzifədə çalışan Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.
Həmçinin Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvu olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb. Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub.
A.Kərimli 1979-cu il təvəllüdlüdür, 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə magist elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur.