Mərkəzi Bank uçot dərəcəsini artırdı
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılmış, faiz dəhlizinin yuxarı həddi 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır. Faiz dəhlizinin eninin daraldılması qərarı 2022-ci ilin avqust ayında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilmişdir.
Bu qərar eyni zamanda faktiki göstəricilər və yenilənmiş makroiqtisadi proqnozlara əsaslanır.
Dünya ərzaq qiymətlərindəki azalma dinamikası, ticarət tərəfdaşlarında inflyasiyanın nisbətən səngiməsi ölkədə inflyasiya səviyyəsinə zaman intervalı ilə təsir edir. Son 2 ayda faktiki illik inflyasiya sabitləşsə də hələ də ikirəqəmli olaraq qalir. Növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir. Cari ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılmışdır. Maliyyə sektorunda likvidliyin idarə olunması və faiz dəhlizinin parametrlərinin qisamüddətli pul bazarında faiz dərəcələrinə təsirlərinin gücləndirilməsi məqsədilə faiz dəhlizinin eninin daraldırılması istiqamətində qərar qəbul olunmuşdur. Faiz dəhlizin parametrlərinin dəyişdirilməsi eyni zamanda milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir.
Pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaqdır. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcəkdir.