Aqrar

Azərbaycanda quru ot bağlamasının qiyməti bahalaşıb

Biləsuvar rayonunda quru ot bağlamasının qiyməti bahalaşıb.

Bu barədə bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, ötən illə müqayisədə quru ot bağlamasının qiyməti 2 manat artıb: “Hazırda yonca bağlamasının qiyməti 5-6 manat arasında dəyişir. Amma keçən il bu qiymət 3-4 manat idi”.

Satıcılar isə “Report”un yerli bürosuna açıqlamasında qiymət artımının bir neçə səbəbinin olduğunu söyləyiblər. Onlar bunun bir səbəbinin də son zamanlar yaşanan quraqlıqla əlaqələndiriblər: “Bu il yağışın az yağması səbəbindən yoncanın məhsuldarlığı zəif olub. Daha bir səbəb isə odur ki, bu il traktorla bir hektar yonca sahəsinin biçilməsinə görə tələb olunan qiymət 30 manat təşkil edib. Aqreqat isə bağlamanın birini 30 qəpiyə bağlayıb. Ona görə də bu səbəblər hamısı qiymət artımına gətirib çıxarır. Hələ qış aylarında bahalaşma daha çox olacaq”.

Məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev  bildirib ki, bahalaşmaya əsas səbəb kənd təsərrüfatında yaşanan su qıtlığı ilə əlaqəlidir: “Yonca bitkisi su sevəndir. Biləsuvar rayonunda əgər yonca sahələri lazımi qədər suvarılarsa, 5 dəfə biçin etmək olar. Bu da öz növbəsində bolluğa və qiymət azalmasına gətirib çıxarar”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)