Özbəkistan Rusiyanın “üçlü qaz ittifaqı”ndan İMTİNA ETDİ
Özbəkistan Rusiya ilə kommersiya qazı müqavilələri imzalamağa hazırdır, lakin "qaz ittifaqı"na daxil olmaq niyyətində deyil.
ENA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan rəsmilərinin açıqlamalarında bildirilib.
Özbəkistanın baş nazirinin müavini və energetika naziri Jorabek Mirzamaxmudov deyib ki, “Rusiya ilə qaz müqaviləsi bağlansa belə, bu, müttəfiqlik demək deyil”. Onun sözlərinə görə, Moskva və Daşkənd qonşu Qazaxıstan vasitəsilə Rusiya qazının tədarükü ilə bağlı danışıqlar aparır, lakin "bu, texniki müqavilə olacaq".
“Tələbi ödəmək, daxili istehlakı təmin etmək və problemi aradan qaldırmaq üçün bu gün biz qaz və elektrik enerjisinin hansısa ittifaq yolu ilə deyil, qonşu ölkələrdən idxalı ilə bağlı danışıqlar aparırıq. Biz burada enerji şəbəkələrimizin ötürülməsi yolu ilə deyil, kommersiya müqaviləsi, alqı-satqı əsasında əməkdaşlıq etmək üçün milli maraqlar əsasında danışıqlar aparırıq”, - deyə Mirzəmaxmudov bildirib .
İlk dəfə olaraq Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 28-də Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə ölkələr arasında “üçlü qaz ittifaqı” yaratmaq təşəbbüsünü açıqlayıb. Daha sonra o, təşəbbüsün Rusiya lideri Vladimir Putinə məxsus olduğunu qeyd edib.
“Vladimir Vladimiroviç dedi ki, biz bir növ üçtərəfli birlik yaratmalıyıq. O, bununla bağlı Özbəkistan prezidentinə zəng vurmağa hazırlaşır. Biz də bu mövzunu dərinləşdirməliyik”, - Tokayev bildirib.
“Reuters”in qeyd etdiyi kimi, soyuq qış fonunda Özbəkistan yanacaq qıtlığı yaşayır. Ölkə rəhbərliyi əhalinin və iqtisadiyyatın enerji resursları ilə təmin edilməsi sahəsindəki problemləri həll etmək üçün təbii qaz, elektrik enerjisi, kömür və mazutun alınması ilə bağlı digər ölkələrlə danışıqları intensivləşdirməyi qərara alıb.