Bank

26 bankdan 18-nin xalis mənfəəti artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 18-nin bu ilin yanvar-sentyabr aylarındakı (xalis) mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bunlar “Turan Bank”, “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank VTB Azərbaycan”, “Naxçıvan Bank”, “Rabitəbank”, “Bank of Baku”, “Zıraat Bank Azərbaycan”, “PAŞA Bank”, “Bank Respublika”, “Kapital Bank”, “Günay Bank”, “Xalq Bank”, “Express Bank”, “AFB Bank”, “Muğan Bank” və “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-lər, İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika “Turan Bank”da (5,3 dəfə), ən aşağı dinamika isə ABB-də (6,5%) qeydə alınıb.

2 bankın – “Premium Bank” və “Yelo Bank” ASC-lərin isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Yelo Bank”da (71,5%), ən az azalma isə “Premium Bank”da (42,7%) qeydə alınıb.

1 bankın – Pakistan Milli Bankının Bakı filialının isə zərəri 53,1% artıb.

3 bank – “Bank Avrasiya” ASC, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər bu ilin yanvar-sentyabr aylarını mənfəətlə, ötən ilin eyni dövrünü zərərlə, 2 bank - “Bank BTB” və “Unibank” ASC-lər isə bu ilin 9 ayını zərərlə, ötən ilin eyni dövrünü mənfəətlə başa vurub. Odur ki, bu bankların (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb. 

4 bankın 9 aylıq (xalis) mənfəəti 30 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-ü bu ilin yanvar-sentyabr aylarını zərərlə başa vurub.

Bunlar “Unibank” və “Bank BTB” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.

Qalan 23 bank isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 4-də sözügedən göstərici 30 milyon manatdan çoxdur. Həmin banklar “Kapital Bank” (210,609 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (209,914 milyon manat), “PAŞA Bank” (109,712 milyon manat) və “Bank of Baku” (30,775 milyon manat) ASC-lərdir.

Qalan 19 bankdan 6-da (xalis) mənfəət 10-20 milyon manat arasında, 13 bankda isə 10 milyon manatdan azdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)