Sosial iqtisadiyyat

VÖEN-i necə almaq olar?

Mən VÖEN almaq istəyirəm. Bunun üçün haraya müraciət etməliyəm və hansı sənədlər tələb olunur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, adından da göründüyü kimi VÖEN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycanın gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycanın bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Fiziki şəxs onlayn rejimdə də qeydiyyatdan keçmə imkanına malikdir. Bunun üçün həmin şəxs səhifəmizin “Elektron xidmətlər” bölməsindən “Fərdi sahibkarların onlayn qeydiyyatı” adlı elektron xidmət vasitəsilə İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olmalıdır. Bunun üçün isə, ilk növbədə, fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır.

Fiziki şəxsin onlayn qaydada qeydiyyatdan keçməsi üçün tələb olunan addımlar barədə daha ətraflı məlumatı “Onlayn kargüzarlıq” internet səhifəsindən istifadə barədə Təlimatdan əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)