Azərbaycan, Ermənistan və Rusiya rəsmiləri Moskvada görüşdülər
Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçuk arasında Moskvada görüş keçirilib.
ENA.az xəbər verir ki, görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının işə salınması məsələləri müzakirə olunub.
Tərəflər Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin açılması səylərində müsbət rolunu qeyd ediblər.
Görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında, eləcə də regionda dəmir yolunun inşası, dəmir yolu nəqliyyatının inkişafı və daşımaların təşkili məsələləri müzakirə olunub.
Tərəflər razılığa gəliblər ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrinin açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər.