Qarabağ

“Laçın dəhlizi”ndə mini gömrük postu qoyulacaq - Rusiyalı general AÇIQLADI

Dekabrın 3-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin Xocalıdakı qərargahında müzakirələr aparıblar.

ENA.az xəbər verir ki, Laçın yolunda mini gömrük postunun qurulması ilə bağlı razılıq əldə olunduğuna dair məlumat yayılıb. 

Bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkov bildirib. O deyib ki, Azərbaycan tərəfi ilə əldə olunan razılaşmaya əsasən, gömrük postu sülhməramlıların "Laçın dəhlizi"nin girişindəki 1 nömrəli postunda, yəni Azərbaycan - Ermənistan şərti sərhədində quraşdırılacaq.

"Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq. Bizim girişdəki postlarımıza müasir avadanlıq gətirək. Bizim bugünə kimi yoxlanış üçün texniki vasitələrimiz yox idi. Əsgərlərimiz gətirilən yük bağlamalarına açıb baxırlar, amma hansısa yükün altında nələrsə keçirə bilərlər", - Andrey Volkov deyib. 

"Əgər tam yoxlanış üçün avadanlıq yoxdursa, təhlükəsizliyin tam təmini haqda nə dərəcədə danışmaq olar" sualını rusiyalı general "Biz post qoyacağıq, bütün bunları yoxlayacağıq. Və mən düşünürəm ki, işin effektivliyi və bura hansısa qadağan edilmiş yüklərin daşınmamasının qarantiyası təmin ediləcək",- deyərək cavablandırıb.

Volkovun sözlərindən dəqiq anlaşılmayıb ki, mini gömrük postunda yalnız Rusiya sülhməramlı qüvvələri yoxlanış aparacaq, yoxsa Azərbaycan tərəfi ilə birgə xidmət həyata keçiriləcək.

Azərbaycan tərəfi hələ ki məsələylə bağlı rəsmi açıqlama verməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)