Gündəm

Elon Musk FED-i təcili olaraq faiz dərəcələrini azaltmağa çağırır

Daha əvvəl qlobal iqtisadiyyatın geriləyəcəyini düşündüyünü bildirən Elon Musk (İlon Mask), ABŞ Mərkəzi Bankının (FED) inflyasiyanın azaldılması səylərinin (faiz artırmasının -red) vəziyyəti daha da pisləşdirə biləcəyindən narahatdır. Paylaşdığı tvitində Musk FED-i faiz dərəcələrini aşağı salmağa çağırıb.

Elon Musk Twitter-də "Trend narahatlıq doğurur. FED dərhal faiz dərəcələrini aşağı salmalıdır. Fed iqtisadiyyatda böyük tənəzzül ehtimalını artırır",- yazıb.

Maliyyə analizi xidmətləri göstərən "NorthmanTrader"in qurucusu Sven Henrich Musk-a belə cavab verib: “Fed inflyasiyanı səhv oxumaqla uzun müddət çox rahat idi. İndi o, sonrakı təsirləri hesablamadan aqressiv şəkildə faiz dərəcələrini artırır. Onlar vurduqları zərəri dərk edənə qədər artıq gec olacaq”. Musk isə “Həqiqətən” deyərək bu ifadələri təsdiqləyib.

Musk bundan əvvəl də tənəzzül ilə bağlı proqnozlar vermişdi. “Amazon”un icraçı direktoru Ceff Bezos, JPMorgan-ın baş direktoru Ceymi Dimon və “Goldman Sachs”ın baş direktoru Devid Solomonun iqtisadi xəbərdarlıqlarından sonra Musk da noyabrın 24-də qlobal tənəzzülün 2024-cü ilin yazına qədər davam edə biləcəyini proqnozlaşdırıb.

FED-in faiz artırmasının sonuna yaxınlaşdığı düşünülsə də, ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb. Bu yaxınlarda açıqlama verən Fed rəsmiləri, 4 dəfə ardıcıl 75 baza bənd artırdıqdan sonra daha kiçik artımlar nəzərdə tutduqlarını qeyd edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)