Aprel-sentyabr aylarında əhalinin banklara dollar satışı alışı üstələyib
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklar ümumilikdə 3,9 milyard ABŞ dolları məbləğində nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar həyata keçirib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 46,9% çoxdur.
“Hesabat dövründə bankların nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlarının həcmi 3,9 milyard dollar təşkil edib ki, bunun da 87,2 faizi ABŞ dollarının payına düşüb”, - deyə Azərbaycan Mərkəzi Bankı bildirilib.
Eyni zamanda, 2022-ci ilin birinci rübündə belə əməliyyatların həcmi 1,2 milyard dollar, ikinci rübdə 1,4 milyard dollar, üçüncü rübdə isə 1,3 milyard dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankı qeyd edib ki, nağd xarici valyutanın xalis satışı 9 ayda 48,1% artıb və bu alış səviyyəsi daha çox birinci rübün payına düşüb. Eyni zamanda aprel-sentyabr aylarında vəziyyət dəyişib və banklar tərəfindən valyuta alışı satışı üstələyib.
Azərbaycan Mərkəzi Bank vurğulayıb ki, 2022-ci ilin 9 ayı ərzində Azərbaycanda nağdsız valyuta bazarının həcmi 22,3 milyard ABŞ dolları təşkil edib, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,3% artım olub. "Valyuta bazarında aparılan əməliyyatların 84,5%-i dolların, 15,5%-i isə digər valyutaların payına düşüb.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, nağdsız valyuta əməliyyatlarının 29,6 faizi banklararası valyuta bazarında, 70,4 faizi isə bankdaxili valyuta bazarında aparılıb.
9 ay ərzində banklararası valyuta bazarında əməliyyatların 99,1%-i ABŞ dolları ilə aparılıb. “Hesabat dövründə əməliyyatların həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 19,9% artaraq 6,6 milyard dollar ekvivalentində olub. Banklararası valyuta bazarında valyuta əməliyyatlarının dövriyyəsi əsasən Bloomberg platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
Bankdaxili valyuta bazarında aparılan valyuta əməliyyatlarının həcmi 15,7 milyard dollar (artım 14,8%) ekvivalentində olub ki, bunun da 78,3%-i ABŞ dolları ilə aparılıb. Bankdaxili valyuta bazarında aparılan valyuta əməliyyatlarının 93 faizi hüquqi şəxslərlə aparılan əməliyyatların payına düşüb.