TURİZM

Azərbaycanda “turistik kənd” konsepsiyasına uyğun infrastruktur yaradılacaq

Azərbaycanda turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması və turizm xidmətilə məşğul olan ailə təsərrüfatlarının illik gəlirlərinin artması nəzərdə tutulub.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında bildirib.

O, deyib ki, turizmlə kənd təsərrüfatının əlaqələndirilməsi, bunun ayrıca bir sahə – kənd turizmi və aqroturizm kimi inkişaf etdirilməsi turistlərin regionlara cəlb edilməsi ilə məşğulluğun artması və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranması üçün uğurlu bir nümunədir: “Eləcə də bu proses kəndlərdə rifah halının yaxşılaşdırılması, kənd əhalisinin gəlirlərində davamlılığa nail omağa və kəndlərdən miqrasiyasının azaldılmasına öz müsbət təsirini göstərə bilər. Bu sahə həm də bizə mədəni irsin və yerli qastronomiyanın təbliğatını aparmağa imkan yaradır. Öz növbəsində aqroturizm həmçinin, ekoturizm, macəra turizmi kimi sahələrin də inkişafına təkan verə bilir”.

“Dövlət qurumu olaraq bizim əsas məqsədimiz kənd yerlərində yaşayan, kənd təsərrüfatı fəaliyyəti ilə yanaşı, turizm xidməti vermək istəyində olan fermer və digər təsərrüfat sahiblərini bu potensialdan istifadə ilə bağlı məlumatlandırmaq və maarifləndirməkdir. Bu istiqamətdə bir sıra müvafiq işlər icra edilib”, – deyə F.Nağıyev əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)