İnşaat və əmlak

“Bakı Ayaqqabı Fabriki” özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmlərinin 85 %-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

Bunu jurnalistlərə açıqlamasında ƏMDX-nın Özəlləşdirmə şöbəsinin rəhbəri Əziz Mirzəyev bildirib.

Bununla belə, o, müsabiqənin qalibinin hansı şirkət olduğunu açıqlamayıb.

"Qalib rəqabətli hərrac şəraitində müəyyən olunub. Müsabiqənin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq", - Ə.Mirzəyev qeyd edib.

Xatırladaq ki, müsabiqə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun elan olunub. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 471 ünvanında yerləşən fabrikin nominal dəyəri 2 manat olan 3 337 012 səhmi (6 674 024 manatlıq) satışa çıxarılıb.

İddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə azı 5 milyon manatlıq investisiya proqramı təqdim etməli, yeni iş yeri yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir. Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə azı 3,2 milyon manat vəsait köçürməlidir. 

Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, həmçinin müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)