Axtar

Əməkhaqqından bu məbləğlərin tutulmasına yol verilmir

Təcrübədə ən çox çaşqınlıq yaradan məqamlardan biri də əməkhaqqından hansı icbari tutulmaların edilməsi və bunların maksimum miqdarı ilə bağlı məsələlərdir. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilovun şərh edib.

Əməkhaqqından qanunvericiliklə müəyyən edilmiş normalar daxilində vergi, sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə müvafiq tutulmalarla yanaşı, yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə də tutulma ola bilər.

İşçinin əməkhaqqından müvafiq məbləğlərin tutulması aşağıdakı halda baş verə bilər:

– işəgötürənin sərəncamı ilə;
– işçinin razılığı ilə:
– məhkəmənin qərarı ilə.

İşəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından yalnız aşağıdakı ödənişlər tutulur:

– qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

– qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

– işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

– müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

– xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

– mühasibat tərəfındən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

– təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

– kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

– həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibat vasitəsilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əməkhaqqınun müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqından tutula bilməz.

Hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının 20 faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən artıq ola bilməz. Əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən bütün hallarda işçinin əməkhaqqının 50 faizi saxlanmalıdır.

Qeyd edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əməkhaqqından məbləğlərin tutulmasına şamil edilmir.

İşçinin razılığı ilə işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqından tutula bilməz.

Məhkəmənin qərarı ilə işçinin hər hansı bank və s. kimi borcları onun kreditorlarının tələbi ilə işçinin əməkhaqqından tutula bilməz., yalnız məhkəmə qərarı ilə icra sənədinə əsasən tutula bilər.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33