Samir Şahkərimov: “Yelo Bank-ın inkişaf strategiyasındakı hədəflər artıqlaması ilə yerinə yetirilir”
2022-ci ilin ilk 9 ayı ərzində biznes kredit portfelinin artım tempinə görə (40%) Yelo Bank ölkə bankları arasında 1-ci yerdədir. Bankın İdarə Heyəti üzvünün Mikro Biznes Müştəriləri üzrə müavini Samir Şahkərimov bu istiqamətdə gələcək planlar və yeniliklər barədə geniş müsahibə verib.
Salam, Samir bəy. 2022-ci ilin sonlarına doğru gedirik. Biznes kreditləşməsi istiqamətində bu ilki vəziyyəti necə dəyərləndirirsiniz? Pandemiyadan əvvəlki tempinə qayıdıb?
Etiraf edim ki, pandemiya şəraiti bank sektoruna, eləcə də Yelo Bank-a da təsirsiz ötüşmədi. Vacib olan isə bu şəraitin təsirlərinə anında reaksiya vermək və müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi idi. Yelo Bank olaraq hesab edirəm ki, bu çağırışın öhdəsindən uğurla gələ bildik. Əvvəlki il ilə müqayisədə bu il vəziyyət tamamilə fərqlidir. Canlanma bu gün iqtisadiyyatın istənilən sahəsində, o cümlədən, sahibkarlıq subyektlərinin fəaliyyətində də hiss olunur. Pandemiyadan zərərçəkmiş sahibkarların mövcud kreditləri üzrə faizlərin dövlət tərəfindən subsidiyalaşdırılması, dövlət zəmanətli və faizləri subsidiyalaşdırılmış kreditlərin verilməsi kimi tədbirlərin burda rolu xüsusidir. Əminliklə deyə bilərəm ki, hazırda biznes sektorunda vəziyyət pandemiyadan əvvəlkinə qayıdıb. Bankımızın biznes kreditləşməsi istiqamətində cari ildə əldə etdiyi uğurlar, biznes kreditləri üzrə portfelin keyfiyyət göstəricisi və sahibkarlar tərəfindən daxil olan kredit müraciətlərinin həcmi də buna əyani sübutdur.
İlin əvvəlindən Yelo Bank-ın xidmət şəbəkəsini məhz regionlarda genişləndirdiyini görürük. Bu tendensiyanın davamı kimi daha hansı planlarınız var?
Demək olar ki, hər kəs artıq 2021-2023-cü illəri əhatələyən strategiya inkişaf planımızdan xəbərdardır. Hazırki fəaliyyətimiz bu plana uyğun olaraq uğurla həyata keçirilir. Qürur hissi ilə bildirim ki, strategiyada biznes iqtiqaməti üzrə müvafiq dövr üçün nəzərdə tutulmuş hədəflər nəinki tam, hətta artıqlaması ilə yerinə yetirilib. Bu planın bir hissəsi də filial şəbəkəsinin genişləndirilməsi idi. Bu prosesə start verməzdən qabaq Yelo Bank filiallarının böyük əksəriyyəti Bakıda cəmlənmişdi. Təbii ki, belə formada yerləşmə ilə kifayətlənmədik, regionlarda yaşayan əhalinin maliyyə əlçatanlığını təmin etməyi hədəflədik. Nəticədə cari il ərzində Ağcabədi, Salyan və Qəbələ rayonlarında yerləşməklə, müasir standartlara tam cavab verən və müştərilərimizə hərtərəfli xidmət göstərən 3 region filialımızı istifadəyə verdik. Bunlardan “Ağcabədi” və “Qəbələ” filialları ənənəvi bank modelindən fərqli olaraq rəqəmsal konsepsiya üzərində qurulub. Yəni burada bank əməliyyatları xəzinə olmadan, aparatlar vasitəsilə icra olunur. İl sonunadək və növbəti il böyük əksəriyyəti regionlarda olmaqla bu konsepsiyada daha bir neçə filialımızın açılması nəzərdə tutulub.
Yelo Bank-ın kredit portfelində biznesin payı nə qədərdir və hansı sahələrə daha çox biznes kreditləri ayrılır?
Real sektorun maliyyələşdirilməsində Bankımız hər zaman maraqlıdır. Cari il ərzində Yelo Bank tərəfindən verilmiş kreditlərin 67%-i mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə ayrılıb. Bu kreditlər isə Bankın ümumi kredit protfelinin 65%-ni təşkil edir. Ümumilikdə cari il ərzində sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məqsədilə tərəfimizdən 288.4 milyon manat həcmində biznes krediti verilib. Sahibkarların ilbəil artan maliyyə tələbatı tendensiyasını nəzərə alsaq, qarşıdakı dövrlərdə bu nisbətin bir qədər də artacağı gözlənilir. Onu da vurğulayım ki, cari ilin 3-cü rübünün sonuna olan statistik məlumata əsasən, Yelo Bank biznes kredit portfelinin artım dinamikasına görə ölkə bankları arasında birinci yerdədir.
Sahibkarlıq fəaliyyətinin istənilən sahəsi tərəfimizdən maliyyələşdirilir, lakin daha çox kredit ayrılan sektorlar ticarət, xidmət və kənd təsərrüfatıdır. Ölkədə qeyri-neft sektorunun inkişafına olan maraq, real sektorun bu sahələrinə davamlı investisiyanı vacib edir. Bank olaraq bu imkanları reallaşdırmaq prioritetimizdir
Sahibkarlığın İnkişafı Fondunun açıqladığı statistikada cari ilin əvvəlindən kredit sayına görə ən çox kredit verən banklar arasında ilk üçlükdəsiniz. Müvəkkil bank kimi fondlar hesabına nə qədər kredit verilməsi planlaşdırılmışdı və planın hansı hissəsi yerinə yetirilib?
Hazırda Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Kredit və İnkişaf Agentliyi” ilə Bankımız sıx əməkdaşlıq edir və bu əməkdaşlığın uzunmüddətli xarakter daşıması qarşıda duran əsas məsələlərdəndir. Cari il ərzində sözügedən fondların vəsaiti hesabına Yelo Bank tərəfindən 571 sahibkara 11.2 milyon manat həcmində güzəştli kredit verilib. Məlumat üçün bildirim ki, müştərilərimiz Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 10 milyon manatadək biznes kreditini illik 5%-lə, 60 ayadək müddətə və 24 ayadək güzəşt ilə əldə edə bilərlər. Həmçinin, kənd təsərrüfatı sahəsinin inkişafı məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına 200 000 manatadək kreditlər illik 7%-lə 60 ayadək müddətə və 12 ayadək güzəştlə təklif edilir.
Yelo Bank ilk dəfə mobil tətbiq vasitəsilə onlayn biznes kredit kartı məhsulunu tətbiq edib. Bu məhsulun üstünlükləri nələrdir və sahibkarları daha hansı rəqəmsal yenilikləriniz gözləyir?
Sahibkarların sürətli və funksional kredit məhsullarına ehtiyacı artırdı. Strategiyamızda sadə və əlçatan yollarla yenilikçi maliyyə xidmətlərimizin yaradılması da nəzərdə tutulub. Bütün bunların fonunda yeni kredit məhsullarının yaradılması vacib idi, nəticədə Yelo Bank olaraq sahibkarlar üçün məsafədən kreditləşməni təmin edən yeniliklər gətirdik. Bunlardan ilki sahibkarlara növbəti krediti tam olaraq onlayn əldə etməyə imkan verən Mikro Biznes kart məhsulumuz oldu. Belə ki, mikro kredit əldə edən bütün sahibkar müştərilərimiz sözügedən kartı pulsuz əldə edir, növbəti kredit məbləği isə həmin karta köçürülür. Sahibkar öz dəyərli vaxtını bankda sənədləşmə prosesinə deyil, öz biznesinin inkişafına ayırır.
Ardınca daha innovativ və tam rəqəmsal Mikro Biznes kredit kartını istifadəyə verdik. Xidmətin üstünlüyü ondadır ki, hətta Banka ilk dəfə müraciət edən sahibkar bütün kreditləşmə prosesini təmin edən mobil tətbiqimiz sayəsində kartı tam onlayn əldə etmiş olur. Bundan başqa kredit ödənişi qismində ödənilən məbləğlər müştərinin biznes kartına köçür və bu vəsaiti yenidən istifadə etmək imkanı yaranır.
Təbii ki, yeniliklərimiz bununla bitmir. Sahibkarların dəyişən ehtiyaclarını mütəmadi olaraq müxtəlif vasitələrlə araşdırırıq. Planımız sahibkarların fəaliyyət istiqamətinə, başqa sözlə, biznes sektorlarının maliyyə tələbatına uyğun məhsulların hazırlanmasıdır. Hazırda bu istiqamətdə yeni layihə üzərində işlər gedir və yaxın gələcəkdə müştərilərimizin istifadəsinə veriləcək.
Biznes kreditləşməsi bazarında rəqabət güclənir. Gələn ilə hansı planlarınız var?
Başlıca planımız növbəti il üçün nəzərdə tutulmuş hədəflərimizə çatmaq, ən əsası mikro kredit portfeli üzrə hazırki mövqeyimizi qorumaq və sürətlə böyüməkdir. Təbii ki, bu asan olmayacaq, özünüz də qeyd etdiniz ki, rəqabət güclənir, sektora yeni “oyunçular” daxil olur. Real sektorun maliyyələşdirilməsi növbəti il üçün də əsas hədəfimiz olaraq qalacaq. Təbii ki, sahibkarlıq fəaliyyətinin istiqamətlərinə uyğun kredit məhsulları yaratmaqla, sahibkarların maraqlarına xidmət də ön plandadır. Regionlarda filial şəbəkəmizin genişlənəcəyini də bir daha xatırlatmaq istərdim. Yeni xidmətlərlə yanaşı hazırki xidmət və məhsullarımızda da optimizasiya işləri aparılır. Bunun sayəsində proseslərin sürətləndirilməsinə, məsafədən bank xidmətlərində əlavə komfort yaratmağa, müştəri mənuniyyətinin daha da yüksəldilməsinə nail olacağıq. Bir sözlə, fəaliyyətimizi parlaq bankçılıq şüarımıza uyğun davam etdirərək hər zaman “öncə müştəri” dəyərimizə sadiq qalacağıq.
Bank xidmətləri, həmçinin, mikro kredit (https://www.yelo.az/az/business/loans/micro-loans/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!