MALİYYƏ

Büdcəyə divident ödəyəcək dövlət şirkətlərinə qoyulan proqnoz 3 dəfə artırıldı

Azərbaycan hökuməti 2023-cü il dövlət büdcəsində SOCAR-dan dividendlər şəklində daxilolmaları 200 milyon manat nəzərdə tutub.

Bu rəqəm 2023-cü il dövlət büdcəsi layihəsinə dair Hesablama Palatasının rəyində öz əksini tapıb.

Hesablama Palatasının materiallarına əsasən, 2023-cü ildə dövlət şirkətlərindən və dövlət banklarından dövlət büdcəsinə 321,21 milyon manat məbləğində dividendlərin ödənilməsi gözlənilir. Bu isə 2022-ci ilin göstəricisindən 3 dəfə çoxdur. 

2023-cü ildə dövlət büdcəsinə dividendlər aşağıdakıl kimi olacaq: Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) - 100 milyon manat, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) - 15 milyon manat, "AzerGold" QSC - 5 milyon manat, Azər-Türk Bank " - 1 milyon manat və "Aqrarkedit" BOKT - 210 min manat.

Hesablama Palatasının məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarında dövlət şirkətləri və banklar tərəfindən Azərbaycanın dövlət büdcəsinə 124,7 milyon manat məbləğində dividend ödənilib. Bunun 120,5 milyon manatı ABB-nin, 4 milyon manatı ASCO-nun, 0,2 milyon manatı isə “Aqrarkredit”in payına düşüb.

Əvvəllər xəbər verildiyi kimi, 2021-ci ildə dövlət şirkətləri və kapitalında dövlət payı olan banklar Azərbaycanın dövlət büdcəsinə 127 milyon 24,2 min manat dividend ödəyib ki, bu da 2020-ci illə müqayisədə 110,2 dəfə çoxdur. 

Eyni zamanda, 2021-ci ildə dövlət şirkətləri və banklar üzrə dividendlərin ödənilməsi planı 75,6 faiz yerinə yetirilib.

2021-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC dövlətə 120 milyon 824,2 min manat, “Aqrarkredit” QSC 0,2 milyon manat, “Azərlotereya” ASC 1 milyon manat, ASCO 5 milyon manat məbləğində dividend ödəyib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)