Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi açıqlandı
2022-ci ilin sentyabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 649,5 milyon manat təşkil edir. Bu bütün kreditlərin 3,3%-ni təşkil edir. 2021-ci ilin sonuna isə bu göstərici 4,2% idi.
Qeyd edək ki, yanvar-sentyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 15,1% artaraq 19 milyard 701,7 milyon manat olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, sentyabrın 30-na dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 821,1 milyon manat (artım 14,6%) və ya bütün kreditlərin 19,4%-i, özəl banklar tərəfindən 15 milyard 336,1 milyon manat və ya bütün kreditlərin 77,8%-i həcmində kredit verilib. Qalan 544,5 milyon manat (artım 18,2%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Sentyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 15 milyard 392,3 milyon manat (artım 21,2%) milli valyuta, 4 milyard 309,4 milyon manat (azalma 2,6%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 21,9% təşkil edir, halbuki 2021-ci ilin sonuna 25,8% idi.
Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 202,8 milyon manat (bütün kreditlərin 16,3%-i) ticarət və xidmət sahələrinin, 636,6 milyon manat (3,2%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 618,2 milyon manat (3,1%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 241,4 milyon manat (6,3%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 68,1 milyon manat (5,4%) sənaye və istehsal sektorunun, 792,8 milyon manat (4%) nəqliyyat və rabitə sahələrinin, 10 milyard 708,6 milyon manat (54,4%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-sentyabr aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 24,4% artıb.