Bu gün Əliyev, Putin və Paşinyanın görüşü olacaq
Bu gün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.
Dövlət başçıları – İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşü Rusiyanın Soçi şəhərində baş tutacaq.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ötən gün jurnalistlərə açıqlamasında bildirib ki, oktyabrın 31-də Soçidə olacaq üçtərəfli sammit Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasına gedən yolda irəliləyişə imkan verəcək.
“Mənim fikrimcə, Soçi görüşündə bütün məsələlərə toxunulacaq. Ümid edirik ki, bu görüş bir sıra məsələlər barədə, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda irəliləməyə imkan verəcək”, – nazir müavini deyib.
Bundan əlavə, Rudenko ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasının ehtimalı haqqında Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərini şərh edərək vurğulayıb: “Görünür, onun belə danışması üçün hansısa əsasları var”.
Qeyd edək ki, Prezident Vladimir Putin Ermənistan və Azərbaycan liderlərini Rusiyada keçiriləcək üçtərəfli görüşə dəvət edib.