Bank

Turanbank kreditlərdən faiz gəlirlərini kəskin artırdı - TƏHLİL

Azərbaycanda yerli səhmdara malik sabit banklardan biri “TuranBank” ASC-dir. Bank sistem əhəmiyyətli olmasa da, ölkənin maliyyə sektorunda dinamik inkişaf sərgiləyən və risklərdən özünü sığortalamağa çalışaraq fəaliyyət göstərir.

 

Aktivlər necə artıb?

ENA.az xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında bank aktivlərini 20% artırırmaqla cəmi 857 milyon 904 min manat həcmində aktivlərə malik olub. Artımın əsaslarını nağd vəsaitlərin, kreditlərin və ticarət üçün qiymətli kağızların göstəriciləri təşkil edir. Belə ki, 2022-ci il yanvar-sentyabr aylarında Bankın kredit portfeli 21,2% artaraq 528 milyon 811 milyon manata çatıb. Biznes kreditlər üzrə portfel 307 milyon manat (artım 15,9%), istehlak kreditləri üzrə 132 milyon 114 min manat (artım 42,8%), daşınmaz əmlak üzrə 89 milyon 691 min manat (artım 13,4%) həcmindədir. “TuranBank” digər banklarda olan depozitlərinin təxminən 4 milyon manatını geri çəkərək, qiymətli kağızlar bazarında aktivlik göstərib. Eyni zamanda Bank mümkün zərər üçün yaradılan məqsədli ehtiyatlardan 8 milyon manatı geri çəkərək, dövriyyəyə daxil edib.

 

Hüquqi şəxslərin bankdakı pulları artdı

“TuranBank”ın öhdəlikləri 767,754 milyon manatdır, yəni bu ilin doqquz ayında 22,3% artım baş verib. Öhdəliklərin 64,1%-ni depozit portfeli tutur. Bu ilin yanvar-sentyabr aylarında portfel 17,9% artaraq 492 milyon 369 min manat olub. Fiziki şəxslərin əmanətləri 316 milyon 573 min (artım 22,9%) manata, hüquqi şəxslərin əmanətləri isə 175 milyon 796 min (artım 9%) manata  yüksəlib.

Sentyabrın sonuna “TuranBank”ın kapitalı 90,15 milyon manata (artım 3,5%), nizamnamə kapitalı 80 milyon manata (dəyişməyib) bərabərdir. Bank artıq zərəini bağlayaraq bu il 1 milyon 453 min manat bölüşdürülməmiş mənfəətə sahibdir.

 

Kreditlər üzrə gəlirini 31,8% artırdı

2022-ci ilin 9 ayının yekunları üzrə bankın xalis mənfəəti 2,145 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 5,3 dəfə çoxdur. Bankın faiz gəlirləri 44 milyon 569 min manat (41 milyon manatı kreditlərdən daxil olub-red), qeyri-faiz gəlirləri 10 milyon 215 min manat, faiz xərcləri 25 milyon 558 min manat (19 milyon manatı depozitlər üzrədir-red), qeyri-faiz xərcləri isə 21 milyon 281 min manat təşkil edir. Əməliyyat mənfəəti 5 milyon 500 min manat olub və bunun 3 milyon 355 min manatı ehtiyatlara ayrılıb.     

“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb.

ENA.az 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)