Bank

"Rabitəbank" yığılmış zərərini bağladı - TƏHLİL

Ölkənin sabit, özəl banklarından hesab edilən “Rabitəbank” bu il əvvəlki illərdən yığılmış zərərini bağlayaraq, bölüşdürülməmiş mənfəətə keçib. ENA.az hesabatların təhlili ilə bağlı aşağıdakı maraqlı məqamları oxucularına təqdim edir.

 

Aktivlər niyə azalıb?

Bankın aktivləri 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 12,4% azalaraq 892 milyon 157 min manat olub. Aktivlərdə əsas azalma nağd vəsaitlərin həcminin son 9 ayda 3,4 dəfə azalaraq 408 milyon manatdan 120 milyon manata düşməsi ilə bağlıdır.

Aktivlərin 66,9%-ni təşkil edən kredit portfeli isə 26,1% böyüyərək 597 milyon 466 min manata çatıb. Digər banklardan fərqli olaraq, daha çox biznes kreditlərində aktivlik nümayiş etdirib. Belə ki, istehlak kreditlərinin həcmi 27% artmaqla 189 milyon 30 min manat, biznes kreditlərinin həcmi 30% artmaqla 314 milyon 333 min manata bərabərdir.

 

Hüquqi şəxslərin hesabları "əriyib"

Bankın öhdəlikləri 15,3% azalaraq 779 milyon 83 min manat məbləğindədir. Azalmada başlıca portfel olaraq depozitlər çıxış edir, belə ki, 23,7% azalma ilə 553 milyon 235 min manatdır. Fiziki şəxslərin əmanətləri 13% artaraq 287 milyon 964 min manat təşkil edib. Hüquqi şəxslərin hesablarında isə 204 milyon 575 min manat kiçilmə baş verib.

 

Kapitalda nə dəyişdi?

Oktyabrın əvvəlinə bankın kapitalı 13,7% artıb və 113 milyon 74 min manatdır. Bu il bank əvvəlki illərdən yığılmış 10 milyon manat həcmində zərəri bağlayıb və üstəlik üçüncü rübün sonuna artıq 2 milyon 469 min manatlıq bölüşdürülməmiş mənfəət açıqlayıb. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır.

 

Mənfəətli çıxdı

9 ayın yekunları üzrə bankın xalis mənfəəti 12 milyon 675,73 min manat olub ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Xalis faiz gəlirləri 49 milyon 211 min manat (44 milyon manatı kreditlər üzrə daxilolmalardır-red), qeyri-faiz gəlirləri 34 milyon 914 min manat, faiz xərcləri 14 milyon 62 min manat, qeyri-faiz xərcləri 54 milyon 554 min manat təşkil edir. Ehtiyatlara 2 milyon 833 min manat ayrılıb və bank mənfəət vergisi ödəməyib.

“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və aktivlərin həcminə görə Azərbaycanın 8-ci bankıdır. Bankın səhmdarları 13-ə yaxın fiziki şəxsdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)