İran sərhəddə apardığı təlimlərlə bağlı bəyanat verdi
"İran İslam Respublikasının silahlı qüvvələrinin şimal-qərb bölgəsində (bu yaxınlarda Ermənistanla olan sərhəddə başlayan) manevr və təlimləri, İran İslam Respublikası silahlı qüvvələrinin illik fəaliyyət təqviminə və dövrü təlimlərə uyğun həyata keçirilir. Habelə, Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibətini nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib".
ENA.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir.
Səfirlik Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlə bağlı Azərbaycan və İranın hərbi rəhbərliyinin müzakirə apardıqlarını xatırladıb.
“Bu notadan əlavə, İran İslam Respublikasının silahlı qüvvələri baş qərargah rəisi general-leytenant Baqerinin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülmüşdür ki, hazırda davam etdirilən bu təlimlərdə yerinə yetirilir. İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daim düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”,- səfirlik bəyan edib.