“Azərbaycan Sənaye Korporasiyası”nın iki şirkəti özəlləşdiriləcək
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Şüşə” və “ASK İzolit” MMC-lərin özəlləşdirilməsinə hazırlıq gedir.
ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, özəlləşdirməyə açıq olan müəssisə və obyektlərə maraq göstərən investorlara daha əlverişli şərain yaradılması, dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.
İclasda özəlləşdirmə istiqamətində görülən işlər haqqında məlumat dinlənilib. İşçi Qrupunun üzvlərinə “ASK Şüşə” və “ASK İzolit” barədə məlumat verilib, maliyyə-iqtisadi göstəriciləri təhlil edilib. Müəssisələrin tərkibində olan, lakin onlarla texnoloji bağlılığı olmayan və eyni ərazidə yerləşməyən sahə və bölmələrin ayrıca özəlləşdirilməsinin mümkünlüyü müzakirə edilib.
Bununla yanaşı, “Bakı Ayaqqabı Fabriki” ASC, “ASK Şəki SES” və “ASK Tekstil” MMC-lər haqqında təqdimatlar dinlənilib, məsləhətçi şirkətin təklifləri əsasında “Bakı Ayaqqabı Fabriki”nin investisiya müsabiqəsində satışı ilə bağlı iddiaçılar qarşısında qoyulması məqsədəuyğun hesab olunan şərtlər də nəzərdən keçirilib.