Qarabağ

“Ermənistan Azərbaycandan müsbət cavab gözləyir”

Ermənistan hökuməti üç ay öncə Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində üç nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında qərar verib.

ENA.az xəbər verir ki, bu barədə oktyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyan Tvitter-də yazıb.

“Ermənistan Azərbaycandan müsbət cavab gözləyir”, - deyə Paşinyan bildirib.

Xatırladaq ki, avqustun 4-də hökumətin iclasında Paşinyan bəyan etmişdi ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni bu gün də təmin etməyə hazırdır, lakin Azərbaycan Ermənistanın verdiyi imkandan istifadə etmir.

O, Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Ermənistan sərhədini keçərək Naxçıvana getməyə çağırıb.
“Ötən ildən bizim sərhəd xidmətimiz və gömrük postumuz var. Biz Azərbaycana dedik ki, onlar hər an bu məntəqələri keçib Naxçıvanla əlaqə yarada bilərlər”, - deyə Paşinyan həmin vaxt bildirmişdi.

Avqustun 18-də Ermənistan Milli Təhlükəsizlik Şurası insanların, malların və nəqliyyat vasitələrinin keçidinin təşkili və həyata keçirilməsi üçün Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını təklif edən layihəni dərc edib.

Nəzarət-buraxılış məntəqələrinin yerinə gəlincə, Ermənistan Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.

Azərbaycan isə Naxçıvanla əlqəni "Zəngəzur dəhlizi" vasitəsilə qurmağı hədəfləyib və bu istiqamətdə danışıqlar aparırı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)