“Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsi hazırlanıb
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi “Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsini hazırlayıb.
ENA.az ASA-ya istinadən xəbər verir ki, sənəddə Birliyin strateji hədəfləri, fəaliyyət prinsipləri ilə yanaşı, üzv ölkələrin qarşılıqlı əməkdaşlıq istiqamətləri, Birliyin illik assambleyalarının təşkili ilə bağlı məsələlər və digər vacib istiqamətlər yer alıb.
Bu ay “Türk Dünyası Sığorta Birliyi”nə üzv ölkələrin sığortaçılar birliklərinin rəhbərləri arasında “Zoom” proqram təminatı vasitəsilə məsafədən görüş keçiriləcək və Yol Xəritəsi müzakirəyə çıxarılacaq. Həmin görüşdə həmçinin Birliyin ilk illik assambleyasının keçiriləcəyi tarix və ölkə də müəyyənləşdiriləcək.
“Türk Dünyası Sığorta Birliyi” bu il mayın 24-də Türkiyənin İstanbul şəhərində keçirilmiş Beynəlxalq Sığorta Konqresinin zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis edilib.