Ərdoğan Paşinyanla Zəngəzur dəhlizini müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Bu barədə bu gün Türkiyənin “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, görüş zamanı Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərini, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, müzakirələrin Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparacaqlar.
Qəzetin xəbərinə görə, Türkiyə liderinin erməni Baş nazirə regionda daha çox gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdırması gözlənilir.
Görüşdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi məsələsinin müzakirə olunacağı bildirilib.