Gündəm

Avropa İttifaqı Şurası: “Heç vaxt Rusiyanın keçirdiyi “referendum"ları tanımayacağıq”

“Avropa İttifaqı Şurası Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendum"ları heç vaxt tanımayacaq”.

ENA.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının (AİŞ) bəyanatında deyilir.

Bildirilib ki, Aİ Şurası Rusiyanın Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daha da pozmaq üçün bəhanə kimi təşkil etdiyi qeyri-qanuni "referendum"ları, eləcə də onların saxtalaşdırılmış və qanunsuz nəticələrini tanımır və heç vaxt tanımayacaq:

"Biz bu qanunsuz ilhaqı heç vaxt tanımayacağıq. Bu qərarlar etibarsızdır və heç bir hüquqi qüvvəyə malik ola bilməz. Krım, Xerson, Zaporojye, Donetsk və Luqansk Ukraynadır. Biz bütün dövlətləri və beynəlxalq təşkilatları bu qeyri-qanuni ilhaqı birmənalı şəkildə rədd etməyə çağırırıq”.

AİŞ qeyd edir ki, Rusiyanın hərəkətlərinə qarşı olan məhdudlaşdırıcı tədbirləri, eləcə də ona qarşı təzyiqləri artıracaq.

“Avropa İttifaqı Ukraynanı tamamilə dəstəkləyir və nə qədər lazımdırsa Ukraynaya güclü iqtisadi, hərbi, sosial və maliyyə dəstəyi göstərməyə davam edəcək”, - bəyanatda vurğulanır.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.

Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Bu gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)