Energetika Nazirliyinin qurumlarının informasiya sistemləri "Hökumət buludu"na köçürülür
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və ona məxsus "Azalternativenerji" MMC-nin informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin Data Mərkəzinə ("Hökumət buludu") köçürülməsinə başlanılıb.
Bu barədə RİİN-dən bildirilib.
Məlumata görə, ilkin mərhələdə ölkə ərazisində bərpa olunan enerji mənbələrinə dair bütün məlumatların miqrasiyası nəzərdə tutulur. Növbəti mərhələdə qurumun maliyyə sistemlərinin və şirkətə məxsus tətbiqlərinin də miqrasiyası müzakirə olunur.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.