Ermənistan-Azərbaycan arasında atəşkəs elan edilib - RƏSMİ
Ermənistan-Azərbaycan sərhədində gərginliyi dayandırmaq üçün bu gün səhər saat 9:00-da atəşkəs elan edilib.
ENA.az xəbər verir ki, bunu Ria Novosti-yə Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin bildirib.
O qeyd edib ki, buna Rusiyanın səyləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbətdən sonra və Rusiya Xarici İşlər Nazirliyinin işi nəticəsində nail olunub.
"Axşam və gecə Rusiya Xarici İşlər Nazirliyinin də iştirakı ilə intensiv iş gedirdi.
Məsələ eskalasiyanı dayandırmaq və sərhəd zonasında normal atmosfer yaratmaqdır", - Karasin bildirib.
Qriqori Karasinin sözlərinə görə, Ermənistanın baş naziri N.Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutduğu üçün vəziyyət nisbətən sakit, dinc kursa keçirilib, o, qarşıda çox iş olacağını söyləyib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi də tərəflərə çağırış edib.
XİN Ermənistan və Azərbaycanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrında verdiyi bəyanatlara uyğun olaraq münaqişənin daha da gərginləşməsindən çəkinməyə və atəşkəs rejiminə riayət etməyə çağırıb.
“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq.”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bundan əlavə, XİN vurğulanıb ki, sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin ayrı-ayrı ərazilərində vəziyyətin kəskin şəkildə gərginləşməsindən hədsiz narahat olublar.