Zəngəzur dəhlizi açılmasa, böyük problemlər yaranacaq – Putinin eks-müşaviri
“Azərbaycan və Ermənistan liderlərinin görüşü vacibdir. Brüsseldə baş tutan görüşlər iki ölkə arasındakı münasibətlərin təməlini təşkil edir”.
Bunu rüssel görüşünün nəticələrini şərh edən Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, prezident Vladimir Putinin keçmiş müşaviri Sergey Markov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşü vacib danışıqlardan xəbər verir:
“Bu danışıqlar həqiqətən də vacibdir. Azərbaycan danışıqlarda vacib irəliləyişə imza atıb. İki ölkə arasında, həmçinin işçi qruplarının fəaliyyətinə də nəzər salmaq lazımdır. Delimitasiya və demarkasiya komissiyaları daha fəal işləməlidir. Düzdür, buna mane olan tərəflər var, amma Azərbaycan tərəfinin işçi qrupunun fəaliyyətinin davamlı olması üçün təklifləri göz qabağındadır. Deyə bilərik ki, bu məsələ bir qədər problemlidir. Çünki tərəflər sərhədlərin müəyyənləşməsi məsələsində razılaşa bilmirlər. Burada istifadə olunacaq xəritə də vacibdir. Rusiya işçi qrupunun dəstəyinə ehtiyac var. Tərəflər arasında təkliflərin verilməsi, görüşlərin keçirilməsi üçün Rusiyanın dəstəyi arzuolunandır”.
Markov, həmçinin dəhlizlərin açılması məsələsinə də münasibət bildirib:
“Regionda sülhün təmin olunması Azərbaycan və Ermənistanla bərabər, digər ölkələrə də təsir edir. Dəhlizin açılmasında Rusiya maraqlıdır. Nəqliyyat dəhlizi regionun inkişafının təməlidir. İnanıram ki, digər qonşu ölkələr də buna maraqlıdır. Eyni zamanda, Ermənistanın daxilində olan qüvvələr də artıq anlamalıdırlar ki, ölkələrinin inkşafı üçün nəqliyyat və digər əlaqələr açılmalıdır. Bu, gec-tez baş tutacaq. Yoxsa yaxın vaxtda Ermənistan iqtisadi olaraq çıxılmaz vəziyyətdə qalacaq. Bu da regionda daha böyük problemlərə gətirib çıxacaq.
Biz Cənubi Qafqazda Avropanın da aktivliyini görürük. Amma bu, kimə xeyir verəcək? Biz Ermənistan-Fransa arasında güclü ələqələri bilirik. Qarabağ bölgəsində separatçı qüvvələrin havadarları elə Avropadır. Bölgədə terrorçuların, separatçı qüvvələrin çoxalmasında onlar maraqlıdır. Bunlar Ermənistanın içərisində Azərbaycana qarşı polemikaya da səbəb olur. Avropa ölkələri, xüsusilə də Fransa əgər sülh istəyirsə, iki ölkə arasında əlaqələrə diqqət etməlidir. O, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə də xələl gətirir. Ona görə diplomatik cavab vacibdir”.
Rusiyalı politoloq əlavə edib ki, danışıqlarda Azərbaycanın diplomatik qələbəsini, xüsusilə də Prezident İlham Əliyevin siyasətini qeyd etmək lazımdır:
“Onun regionda və Avropada apardığı siyasət uğurludur. Bunu, Ermənistan üçün demək mümkün deyil. Ermənistan daxildə problemlərini həll edə bilməsə, iqtisadi problemlərlə bərabər, demoqrafik uğursuzluğa da düçar olacaq”.
Xatırladaq ki, avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə üçtərəfli formatda keçirilən Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 təməl prinsip əsasında Ermənistanla sülh sazişi layihəsinin hazırlanması və sentyabrda hər iki ölkənin xarici işlər nazirlərinin görüşərək ilkin mətn üzərində müzakirələrin təşkili barədə razılıq əldə edilib.