TURİZM

Yay bitir, aviabiletlərin ucuzlaşması gözlənilirmi?

Turist sayında ciddi artım  müşahidə olunan yay mövsümünün bitməsinə az qalır. Tələbatın azalması bilet qiymətlərinə təsir göstərəcəkmi?

Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyasının rəsmi saytına açıqlama verən “Coach Tourism” şirkətinin icraçı direktoru Aygün Xəlilova bildirib ki, hazırda 2022-ci il turizm yay sezonun bağlanış ərəfəsindəyik. Erkən rezervasiya vaxtlarından öz turlarını sifariş edən yerli turistlər sentyabr ayının 15-nə qədər böyük aktivlik göstəriblər. Ən çox səyahət edilən ölkə isə Türkiyə olub.

Yay mövsümünün sona yaxınlaşması və məktəblərin açılması ilə əlaqədar olaraq turizm sənayesində satışların xeyli azalması müşahidə olunur. Turizm artıq payız sezonuna hazırlaşır, bu sezonda isə əsasən xaricdə təhsil alan tələbələr getmə turizmində üstünlük təşkil edir.

Aygün Xəlilova yeni mövsümdə yay günlərində istirahət edə bilməyən turistlərin aktiv olduğunu qeyd edib:

“Post pandemiya dönəmində müntəzəm uçuş həyata keçirilən destinasiyalar üzrə reys sayını artırılmasına başlanıb və bu da qiymətlərdə azalmaya səbəb olur. Mövsüm dəyişikliyi ilə əlaqədar bilet qiymətlərində xüsusi azalma hələ ki müşahidə olunmur. Lakin hazırda müəyyən kampaniyalar mövcuddur ki, öncədən almaq  şərti ilə insanlar daha aşağı büdcə ilə aviabiletlər əldə edə bilərlər”.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)