Bank

Mərkəzi Bank: Dövriyyə kapitalı ehtiyacları biznes kreditlərinə tələbi artırıb

 Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin I rübündə bankların kreditləşmə siyasətinin yumşalmasının müşahidə olunduğunu qeyd edir və bu trendlərin II rübdə də davam edəcəyini gözləyir. AMB 2022-ci ildən etibarən bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların keçirilməsinə başlayıb. 

ENA.az xəbər verir ki, 2022-ci ilin yanvar-mart aylarını əhatə edən sorğunun nəticələri Mərkəzi Bankın saytında dərc olunub.

“Sorğunun nəticələrinə əsasən cari ilin I rübündə bankların kreditləşmə siyasətində yumşalma müşahidə olunur. Kredit siyasətinin yumşaldılması əsasən istehlak və ipoteka kreditlərinə münasibətdə baş verib. Eyni zamanda, bütün kredit növləri üzrə, xüsusilə ipoteka və istehlak kreditləri üzrə tələbin artması müşahidə olunur. Banklar 2022-ci ilin II rübündə də kredit siyasətinin yumşaldılmasının davam etməsini proqnozlaşdırıb. Eyni zamanda, banklar II rübdə də bütün kredit növləri üzrə tələbdə artım gözlədiklərini bildiriblər.”, - deyə AMB-dən bildirilib.

Sorğunun nəticələrinə əsasən istehlak kreditləri üzrə standartlar, xüsusilə əməkhaqqı kreditlərinin təsdiqi standartları son rüb ərzində yumşaldılıb. Yumşalma, əsasən iri banklar tərəfindən həyata keçirilib. Eyni zamanda, banklar növbəti rübdə istehlak kreditlərinə tələbin artmasını gözlədiklərini bildiriblər. İri banklar, əsasən kredit kartlarına, digər banklar isə əməkhaqqı kreditlərinə tələbin artmasını proqnozlaşdırır.

2022-ci ilin I rübü üzrə banklar tərəfindən biznes kreditləri üzrə standartlarda yumşalma, əsasən kreditlərin müddəti üzrə olub. Banklar I rübdə xarici valyutada biznes kreditləri üzrə sərtləşmə olduğunu, eyni zamanda, bu trendin II rübdə davam etməsini proqnozlaşdırır.

AMB-nin qiymətləndirmələrinə görə, yanvar-mart aylarında biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir göstərən əsas faktor kimi digər banklarla rəqabət çıxış edib. Eyni zamanda, BOKT və lombardlarla rəqabət də kredit standartlarına yumşaldıcı təsir göstərib.

Cari ilin I rübündə biznes portfeli, o cümlədən KOS kreditlərinin verilmə şərtlərində əsasən yumşalmalar olub. Yumşalmalar, əsasən kreditlərin faiz dərəcəsi, tətbiq edilən marja, komissiya və təminat şərtləri ilə bağlı olub. İri sahibkarlıq kreditləri üzrə kreditlərin maksimal müddətində sərtləşmə baş verib.

Banklar I rübdə milli valyutada uzunmüddətli kreditlərə tələbin artmasını, qısamüddətli kreditlərə tələbin sabit qalmasını, xarici valyutada kreditlərə isə tələbin azalmasını bildirib. II rüb üzrə gözləntilərdə sektor milli valyutada həm uzun, həm qısamüddətli kreditlərə tələbin artacağını, xarici valyutada kreditlərə isə tələbin azalacağını bildirib.

2022-ci ilin ilk rübündə biznes kreditlərinə tələbin artması, əsasən biznes subyektlərinin dövriyyə kapitalı ehtiyaclarının artması ilə bağlı olub. Bankların qiymətləndirmələrinə görə, bu amil II rübdə də üstünlük təşkil edəcək.

Sektorda rəqabət mühiti ipoteka kreditləri üzrə standartların yumşalmasında əsas rol oynayıb. Eyni zamanda, müsbət iqtisadi gözləntilər, bankların kapital və likvidlik səviyyəsinin komfort zonada olması da cari ilin I rübündə ipoteka kreditləri üzrə standartların yumşalmasına təsir göstərib. Məzənnə ilə bağlı gözləntilər kredit standartlarına təsir göstərməyib, inflyasiya gözləntiləri isə sərtləşdirici təsir göstərib.

Oxşar tendensiya istehlak kreditlərində də müşahidə olunur. Bank sektorunda istehlak kreditləri üzrə rəqabət daha yüksəkdir. Belə ki, digər banklarla rəqabət istehlak kreditləri standartlarına daha yumşaldıcı təsir göstərib.

Cari ilin I rübündə həm ipoteka, həm də istehlak kreditləri üzrə tələb artıb. Tələb artımına əsas səbəbin faiz dərəcəsi dəyişikliklərinin olması bildirilib.

Sektorda bankların 50%-i borclanmanın dəyişmədiyini, 46%-i borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4%-i isə əhəmiyyətli dərəcədə azaldığını bildirib.

Sorğunun nəticələrinə əsasən sektorda komplayens, əməliyyat və faiz dərəcəsi riskləri (faizlərin dəyişməsi nəticəsində aktiv və passivlərin faiz dərəcələrinə görə bölgüsündə uyğunsuzluqlardan yaranan risk) artmış, dələduzluq, likvidlik və məzənnə riskləri isə azalıb. Növbəti rübdə də eyni risklərin daha aşağı sürətlə artması, kredit, İT və dələduzluq risklərinin isə azalması proqnoz edilib.

Sorğunun nəticələrinə əsasən kredit riski ticarət və sənaye sahələri üzrə artıb, nəqliyyat və xidmət sahələri üzrə isə azalıb.

Son rüb ərzində biznes subyektləri üzrə kredit riski əsasən iri sahibkarlıq subyektlərində artıb, mikro sahibkarlıq subyektləri üzrə isə azalıb.

Bankların qiymətləndirmələrinə görə, yanvar-mart aylarında bütün iqtisadi sahələr və biznes subyektləri üzrə defolt dərəcəsi azalıb. Defolt dərəcəsinin azalması, əsasən xidmət sahəsi və KOS subyektləri üzrə baş verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)