İqtisadiyyat nazirliyinin bir neçə vəzifəli əməkdaşı həbs olundu
Azərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.
İstintaqın hazırki mərhələsində isə əlavə olaraq qabaqcadan əlbir olan bir qrup şəklində bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar müvafiq rəy verilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunan Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, habelə ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov 30 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.