Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər qalxacaq?
İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin genişlənməsi Azərbaycanın daşınmaz əmlak bazarında canlanmaya səbəb olacaq.
Bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
O, Qarabağda görülən işlərin bazar üçün ciddi stimul olduğunu deyib:
“Həmin ərazilərə investisiya qoyuluşu ölkədə iqtisadi vəziyyəti yaxşılaşdırır, iqtisadi inkişaf üçün stimul yaradır. Hansı ölkədə iqtisadi inkişafa istiqamətlənmiş fəaliyyət varsa, orada daşınmaz əmlakın qiymətində canlanma müşahidə edilir. Azərbaycanın son 30 illik inkişaf tarixinə nəzər salsaq, görərik ki, hansı dövrlərdə ölkədə neft gəlirləri və ya müəyyən iqtisadi layihələr hesabına iqtisadi inkişaf işartıları görülübsə, həmin dövrlərdə daşınmaz əmlakın qiyməti digər dövrlərə nisbətən daha yüksək olub. Hazırda Qarabağda infrastrukturun bərpası istiqamətində çox ciddi işlər gedir, həm yerli, həm xarici şirkətlər tərəfindən investisiya layihələri həyata keçirilir. Bu, həmin ərazilərdə və respublikanın digər bölgələrində daşınmaz əmlak bazarında canlanma prosesinin başlanğıcı üçün hərəkətverici qüvvə ola bilər. Həmin işlərin aparılmasına yeni başlanılıb və biz bu işlərin təsirini birbaşa gündəlik həyatımızda hiss etmirik. Amma həmin ərazilərdə investisiya yatırımı istiqamətində fəaliyyət daha da güclənsə, bu, daşınmaz əmlakın qiymətində çox ciddi yüksəlişin yaranması üçün stimul ola bilər. Bu baxımdan hazırda Azərbaycanın bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə baş verən yeniliklər daşınmaz əmlak bazarı ilə birbaşa bağlıdır və bazarda canlanmanın baş verməsi üçün çox ciddi stimul rolunu oynaya bilər”.
V.Oruc Qarabağda görülən işlərin daşınmaz əmlakın kirayə qiymətlərini də artıracağını deyib:
“Hər hansı ərazidə infrastrukturun bərpa edilməsi işçi qüvvəsi və texnika hesabına baş verir. Bu isə həmin ərazilərə yaxın yerlərdə evlərin kirayə qiymətinin və texnikaların icarə qiymətinin yüksəlməsinə gətirib çıxarır. Hazırda tikinti texnikalarının qiyməti 25-30 % artıb. İşğaldan azad edilmiş ərazilərimizə yeni işçi qüvvəsinin cəlb edilməsi, həmin ərazilərdə işgüzar mühitin yaradılması və infrastrukturun bərpası istiqamətində addımların atılması ətraf ərazilərdə kirayə qiymətlərinin artmasına səbəb olacaq. Hazırda həmin işçi qüvvəsinin regionlarda yaşayışı üçün dövlət tərəfindən müəyyən təminat yaradılıb. Amma bu proses daha geniş miqyas aldığı zaman bunun kirayə qiymətlərində əksini tapmasının şahidi olacağıq”.
Eyni zamanda, ekspertin fikrincə, dünyada ərzaq böhranı, devalvasiya və digər iqtisadi problemlər var: "Bu problemlər daşınmaz əmlak bazarında ehtimal olunan canlanmanı kompensasiya edə bilər. Sadalanan iqtisadi problemlər olmasa idi, daşınmaz əmlak bazarında canlanma daha qabarıq şəkildə özünü büruzə verərdi və daha geniş miqyaslı olardı”, - deyə AQC-nin sədri əlavə edib.