MALİYYƏ

Azərbaycanın qiymətli kağızlar bazarı 4 % kiçilib

Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarında 8 milyard 222,8 milyon manatlıq əməliyyat aparılıb.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 % azdır.

Yarımillik göstəricinin 4 661 milyon manatlıq hissəsi ilkin bazarda (3,2 % az), 3 milyard 561,8 milyon manatlıq hissəsi isə təkrar bazarda (3,9 % az) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 4 886 əqd bağlanılıb. Bu, illik müqayisədə 17,4 % azdır. Əqdlərin 958-si ilkin bazarın (11,1% az), 3 928-i isə təkrar bazarın (18,8 % az) payına düşüb.

Yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 4 milyard 448,5 milyon manatlıq hissəsi və yaxud 54,1 %-i dövlət qiymətli kağızlarının, 797,5 milyon manatlıq hissəsi və yaxud 9,7 %-i korporativ qiymətli kağızların, 2 milyard 976,8 milyon manatlıq hissəsi və yaxud 36,2 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 13,9 % az, 89,4% çox və 1,6% çoxdur.

Yarım il ərzində bu bazarda bağlanmış əqdlərin isə 1 002-si və yaxud 20,5 %-i dövlət qiymətli kağızlarının, 2 424-ü və yaxud 49,6 %-i korporativ qiymətli kağızların, 1 460-ı və yaxud 29,9 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 23,3 %, 13,1 % və 19,8 % azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)