27 ilin bankının göstəriciləri necədir: TuranBank
27 ildir ki, Azərbaycanın bank sektorunda təmsil olunan “TuranBank”ASC 2018-ci ilin yekunlarına dair çox yığcam bir hesabat açıqlayıb.
BI xəbər verir ki, bankın aktivlərinin həcmi 492 milyon 606 min manat olub və bu 2017-ci ilin sonu ilə müqayisədə 8% artıb. (31.12.2017-də 456 milyon 393 min manat idi). Aktivlərin 313 milyon 80 min manatını kreditlər təşkil edir və kredit portfelinin həcmində bir il ərzində 55 milyon manat artım var. Bundan başqa 72 milyon 886 min manatı Nostro hesablarda, 36 milyon 363 min manatı isə nağd şəkildədir.
“TuranBank”ın öhdəlikləri 2018-ci ilin yekununa 433 milyon 473 min manatdır. Bunun 253 milyon 785 min manatını müştərilərin depozitləri əhatə edir. Bir il ərzində deposit portfelində 29 milyon manat həcmində artım var və bu müsbət göstəricidir. Eyni zamanda digər banklar və maliyyə qurumları vəsaitlərinin bir hissəsini deposit şəklində “TuranBank”a əmanət ediblər ki, bununla bağlı bankın öhdəliyi 176 milyon 814 min manatdır.
Bankın nizamnamə kapitalı normadan bir qədər çox – 55 milyon manat, kapitalı isə 59 milyon manat, məcmu kapitalı 64 milyon 162 min manatdır. Məcmu kapitalın adekvatlıq əmsalı 10% normaya qarşı 15,8% təşkil edir, bu isə o deməkdir ki, bankın capital gəlirliliyi yaxşıdır.
“TuranBank” hesabatında 70 min manat mənfəət açıqlayıb. Bankın faiz gəlirləri 30 milyon 931 min manat, faiz xərcləri isə 21 milyon 223 min manat olub. Nəticədə xalis faiz mənfəəti 9 milyon 708 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri 2 milyon 994 min manat olduğu halda qeyri-faiz xərcləri 11 milyon 970 min manatdır, nəticədə bankın xalis əməliyyat mənfəəti 732 min manata düşüb. Aktivlər üzrə mümkün zərərin ödənilməsinə 662 min manat ayrıldığından sonda bank 70 min manat təmiz mənfəət açıqlayıb. Qeyd edək ki, 2016 və 2017-ci illərdə bank zərər açıqlayan bankların sırasında idi və görünür ki, bu il tendensiya müsbətdir.