Hesabatlar

Bank sektorunda 129 milyon manatlıq mənfəət: KAPİTAL BANK

Azərbaycanda sistem əhəmiyyətli banklardan biri olan Kapital Bank 2018-ci ilin dördüncü rübü üzrə hesabatını açıqlayıb.

"BI" xəbər verir ki, bankın cəmi aktivləri 3 milyard 716 milyon 480 min manat təşkil edir. Bu isə o deməkdir ki, ötən bir ildə bankın aktivləri 532 milyon manat artıb. Bəs bankın aktivlərinin tərkibi nədən ibarətdir?

Kredit portfeli, nağd pulu artıb

Aktivlərin 1 milyard 500 milyon manatı manatı müştərilərə verilmiş kreditlərdir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatların həcmi 209 milyon manat təşkil edir. Nəticədə xalis kreditlərin həcmi 1 milyard 291 milyon 384 min manatdır. Qeyd edək ki, 2017-ci ilin sonuna olan göstəricilərə görə, 1 milyard 243 milyon manatı müştərilərə verilmiş kreditlər, xalis kreditlər 1 milyard 88 milyon manat civarındadır. Başqa sözlə, kredit portfelində artım 20,6%-dir.  

Bankın nağd şəkildə saxladığı aktivlərin həcmi artaraq 382 milyon 64 min manata yüksəlib, təkcə Mərkəzi Bankdakı müxbir hesabında saxladığı aktivlərin həcmi 361 milyon manat artaraq, 783 milyon 966 min manat təşkil edir. “Kapital Bank” Bbnklar da daxil olmaqla maliyyə institutlarındakı depozitinin 2018-ci ildə 379 milyon manatını geri çəkib və nəticədə göstərici 490 milyon manata düşüb. Eyni zamanda bank qiymətli kağızlara 325 milyon 394 min manatlıq yatırım edib.

Əmanət portfeli 2 milyard 948 milyon olub

Bankda müştəri depozitlərinin həcmi 31 Dekabr 2018-ci il tarixinə 2 milyard 948 milyon  manat təşkil edib.  2017-ci ilin sonunda bu məbləğ 2 milyard 362 milyon manat idi, demək 25% həcmində artım qeydə alınıb. Bu artımda 2018-ci ildə Dəmirbank-ın əmanətçilərinin də qismən payı var, çünki Əmanətlərin Sığortalanması Fondu kompensasiya ödənişini məhz “Kapital Bank” kartları ilə həyata keçiridi. Yəni, əmanətçilərin bir qismi aldıqları əmanətini elə oradaca, “Kapital Bank”a qoymuşdular.  Eyni zamanda bankda başqa maliyyə qurumlarına məxsus 110 milyon 590 min manat həcmində depozit də var. Ümumilikdə bankın 2018-ci ilin 4-cü rübü üzrə öhdəlikləri 3 milyard 344 milyon 593 min manata yüksəlib, 2017-ci ilin sonunda isə bu göstərici 2 milyard 858 milyon manat təşkil edirdi.  

Onu da qeyd edək ki, bankın əmanət faizləri digərlərinə nisbətdə o qədər də cəlbedici olmasa da, artım əsasən dayanıqlı, etibarlı bank imici formalaşdırmasına görə baş verir.

2018-ci il ərzində bankın kapitalı 46 milyon manat artaraq, ilin sonuna 371 milyon 887 min manata çatıb, məcmu kapitalı isə 347 milyon 831 min manat olub və gəlirliliyi 10 faiz normaya qarşı 15.31% təşkil edib.

129 milyonluq mənfəət

“KapitalBank” ASC 2018-ci ili 129 milyon 826 min manat mənfəət əldə edib, bunun 31 milyon 773 min manatını vergi şəklində dövlətə ödəyib. Nəticədə bank 98 milyon 53 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ili 94 milyon 839 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, illik müqayisədə Bankın xalis mənfəəti 3,4% artıb.

 2018-ci ildə “KapitalBank”ın cəmi gəlirləri 458 milyon 413 min manat, o cümlədən faiz gəlirləri 321 milyon 562 min manat, qeyri-faiz gəlirləri 136 milyon 851 min manat təşkil edib.

 Bankın “Pul hərəkətləri haqqında hesabatı”na görə, kreditlər üzrə fazilər də daxil olmaqla alınmış faizlərin məbləği 318 milyon 280 min manat olub. Depozitlər də daxil olmaqla ödənilmiş faizlərin məbləği isə 75 milyon 602 min manat təşkil edib.  Bank 141 milyon 215 min manat haqq və komissiyadan gəlir əldə edib, ödədiyi haqq və komissiyanın məbləği isə 15 milyon 854 min manat olub.

Xarici valyuta ilə əməliyyatlarından xalis gəliri 23 milyon 735 min manatdır. Bank 73 milyon 134 min manatı isə işçilərinə ödəyib.

Müddətin sonuna “Kapital Bank” ASC-nin bölüşdürülməmiş xalis mənfəəti 120 milyon 238 min manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department