İlham Əliyev Özbəkistana gedir
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu il iyunun 21-22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkədə rəsmi səfərdə olacaq
ENA.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin rəsmi saytı məlumat yayıb.
Səfərin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
İki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirəcəklər.
Bundan əlavə, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə edəcəklər.
Yüksək səviyyəli danışıqların yekunu olaraq sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiyalar, turizm və digər sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.
Qeyd edək ki, səfər ərəfəsində Daşkənddə Özbəkistan və Azərbaycanın aparıcı şirkət və müəssisələrinin iştirakı ilə işgüzar tədbirlər keçirilir.
Bildirilir ki, son illərdə qarşılıqlı ticarətin göstəriciləri və birgə müəssisələrin sayı xeyli artıb. 2021-ci ildə ticarətin həcmi 42 faiz, bu ilin yanvar-may aylarında isə 49 faiz artıb.
İpəkçilik, kənd təsərrüfatı kompleksi, tikinti materialları sənayesi, neft-qaz sektoru, əczaçılıq və yeyinti sənayesi sahələrində yeni əməkdaşlıq layihələri həyata keçirilir və inkişaf etdirilir.