Birja

Ötən həftə Brent 7,3% ucuzlaşdı - bu gün neçəyədir?

Neft qiymətləri, Federal Ehtiyat Sisteminin (FED) siyasətini sürətlə sərtləşdirməsinin ABŞ iqtisadiyyatında tənəzzülə səbəb olacağı ilə bağlı artan bazar qorxuları ilə ötən həftə kəskin düşürdü, bugün isə sabitləşdi.

Londonun ICE Futures birjasında bazar ertəsi saat 9:20-yə olan Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 113,09 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,03 dollar (0,03%) aşağıdır. Cümə günü ticarət nəticəsində bu kontraktlar 6,69 dollar (5,6%) azalaraq 113,12 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 109,42 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,14 dollar (0,13%) aşağıdır. Cümə günü bu kontraktların dəyəri 8,03 dollar (6,8%) azalaraq 109,56 dollar/barel olub.

Həftənin yekunu olaraq Brent 7,3%, WTI 9,2% ucuzlaşıb. Bundan əvvəl Brent dörd həftə ardıcıl olaraq artım göstərdi.

“Qlobal iqtisadi artımın qarşıdakı aylarda yavaşlayacağına dair artan qorxular fonunda neftə tələbat perspektivləri ilə bağlı narahatlıqlar artır”, - City Index və Forex.com analitiki Fəvad Razaqzada bildirib. "İqtisadi tənəzzülün gözləniləndən daha şiddətli olacağı ehtimalı var və bu, ən çox investorları narahat edir". 

Bu arada, Sinqapurda yerləşən Vanda Insights şirkətinin təsisçisi Vandana Hari qeyd edir ki, qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı narahatlıqlara baxmayaraq, Rusiya-Ukrayna münaqişəsi davam etdikcə dünya bazarında neft tədarükünün azaldılması problemi davam edəcək. Onun fikrincə, bu, neft bazarını dəstəkləyəcək.

ABŞ-ın energetika naziri Cennifer Qranholm həftəsonu ölkədə benzinə tələbatın artmaqda davam edəcəyini və yüksək qiymətlərin saxlanılması ehtimalının qaldığını bildirib.

ABŞ Energetika Nazirliyinin iyun ayı proqnozu göstərir ki, üçüncü rübdə ölkədə benzinin qiyməti orta hesabla 4,27 dollar/gallon olacaq. Qranholm bildirib ki, bu proqnoz dünya hadisələri nəticəsində, məsələn, Avropa Rusiya neftini almağı dayandırarsa, yuxarıya doğru yenidən nəzərdən keçirilə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)