Kəlbəcərdən Laçına elektrik xətti çəkilir - VİDEO
Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “AzərEnerji” tərəfindən genişmiqyaslı işlər həyata keçirilir.
“AzərEnerji”dən ENA.az-a verilən məlumata görə, 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından Laçın rayonunun Qorçu kəndinə 42 km məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilir.
Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xəttinin trassası üzrə xüsusi buzlaşma əraziləri də nəzərə alınmaqla hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılır.
Ağır tonnajlı dayaqların daşınması üçün xəttin trassası üzrə yol salınmaqla yanaşı bütün maneələr dəf edilir. 110 kilovoltluq xəttin üzərindəki ildırım ötürücü trosun içərisində 24 damarlı fiber optik kabellə internet xətti çəkilir. Paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilir.
Laçında yeni tikilən rəqəmsal yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılacaq. Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq və bunun üçün tikilməkdə olan idarəetmə binasında mikro-SCADA sistemi yaradılacaq. Yeni yarımstansiya Laçında tikiləcək Hava limanı, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə Laçında tikiləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.