Qazaxıstan qaz ixracını dayandıra bilər
“Yaxın illərdə Qazaxıstanın qaz sahəsində böhran gözlənilir, belə ki, təxirəsalınmaz tədbirlər görülməzsə ölkə qaz ixracını dayandıra bilər”.
Bu barədə “QazaqGaz” SC-nin İdarə Heyətinin rəhbəri Sanjar Jarkeşov parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əgər istehlakçıların bütün sorğuları təmin edilərsə böhran artıq 2023-cü ildə başlaya bilər.
“2024-cü ildən etibarən defisitin olacağı proqnozlaşdırılır. Daxili bazarın tələbi mövcud qaz resurslarını, təxminən 1,7 milyard kubmetr üstələyir. Əgər təxirəsalınmaz tədbirlər görülməzsə, artıq 2023-cü ildə qaz ixracı dayandırıla bilər”, – o deyib.
Sanjar Jarkeşov bildirib ki, hazırda yeni və böyük istehlakçılardan sorğular daxil olur, İES-lər qaza keçirilir, qaz təchizatına yeni qaz-kimya kompleksləri qoşulur.
Qazaxıstanın energetika naziri Bolat Akçulakov isə əsas məqsədin qaz ixracı deyil, ölkənin daxili tələbatının ödənilməsi olduğunu söyləyib: “Bizdə defisit gözlənilir, buna görə də 2025-ci ilədək ixracı sıfıra endirəcəyik. Daha sonra artan daxili tələbatı öz istehsalımızdan savayı başqa hansı yolla ödəyə biləcəyimiz məsələsi aktual olacaq”.