Avtomobil

"Kimə cərimə gəlibsə şikayət etsin" - BNA 1 gündə 3500 sürücünü qanunsuz cərimələdi

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti sürücülərin cərimələnməsi ilə bağlı bayram əhval-ruhiyyəli press-reliz paylaşıb.

Məlumatı olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn tapşırıqların icrası çərçivəsində artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin, A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları vasitəsi ilə dayanma və durma qaydalarının pozulaması halları qeydə alınır. İnsan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsi ilə son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub. Qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib. Sistemin əhatə dairəsinin genişləndirilməsi paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların quraşdırılması ilə bağlı tədbirlər də davam etdirilir. Məlumat üçün bildiririk ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin əsas komponenti olan kameralar vasitəsi ilə əldə edilən məlumatların dövlət başçısının müvafiq Fərmanında qeyd edildiyi kimi mərkəzi informasiya sisteminə inteqrasiya da təmin edilib. Bir daha sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik.”

Məsələ burasındadır ki, BNA-nın bu addımı tam qanunsuzluqdur, özbaşınalıqdır.

Belə ki, dayanma-durmaya görə elektron protokol tərtib etmək hüquqi olaraq mümkün deyil və qanuna ziddir. Bununla bağlı qanunda hələ dəyişiklik edilməyib. Məsələ burasındadır ki, bu hərəkət ilk növbədə qanunda öz təsdiqini tapmalıdır. Bununçün də qanun Milli Məclisdə təsdiqlənməli, daha sonra Prezident sərəncam verməlidir. Yalnız bundan sonra bu protokol hüquqi hərəkət sayıla bilər. Bu addım birmənalı şəkildə BNA rəhbərliyinin qanuna olan biganə münasibətinin nəticəsidir. Bir dövlətdə hüquq xalqa xidmət ermək üçün formalaşdırılır, xalqı talamaq üçün yox. Ümid edirik bu özbaşınalıq aidiyyatı qurumlar tərəfindən nəzarətə götürələcək və müvafiq addımlar atılacaqdır.

Məsələ ilə bağlı bu sahənin tanınmış mütəxəssislərindən biri Kənan Dalğa daha detallı məlumat paylaşıb. Məlumatı təqdim edirik:

Qanunda necədir?

Məncə Bakı şəhərində yol hərəkəti təşkili məsələsində ən böyük problemlərdən biri qanunsuz parklanmadır. Fikrimcə bu problemlə kifayət qədər mübarizə aparılmır. Ancaq qanunsuzluqla mübarizə qanuni şəkildə olmalıdır. Qanunsuzluqla qanunsuz mübarizə aparmaq olmaz. Bildiyiniz kimi Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarının pozulmasına görə nəzərdə tutulmuş İXM-nin 346.1 və 346.2 maddələri üzrə cərimə yazmaq yalnız BNA rəsmilərinin səlahiyyətindədir. BNA rəsmiləri isə bunu hadisə yerinə səfərbər olmuş əməkdaşları və şəhərin müəyyən yerlərinə quraşdırılmış kameralar vasitəsi ilə idarədə monitor arxasında nəzarət edən əməkdaşları vasitəsi ilə edirlər. Hətta idarədəki əməkdaşlar o “dəqiqliklə” edirlər ki, svetoforun qırmızı işığında dayanmış sürücüyə də elektron qərar qəbul ediblər.

İndi keçək məsələnin qanuni tərəfinə.

Yollarda planşetlərlə xidmət aparan əməkdaşlara heç bir sözümüz yoxdur,daha da müvəffəqiyyətlər arzu edirik. Lakin kameraya baxıb monitor arxasından protokol tərtib edənlərə və buna göstəriş verənlərə demək istəyirik ki, İnzibati Xətalar Məcəlləsinin 122.1 maddəsini diqqətlə oxusunlar.

122.1. Bu Məcəllənin 327.1 – 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.

Gördüyünüz kimi, 346.1 və 346.2-ci maddələrinin tələbini pozmağa görə monitor arxasında oturub cərimə yazmaq QANUNSUZDUR.
Kimlərə bu formada protokol yazılıbsa BNA rəsmilərinə, Respublika prokurorluğuna rəsmi şəkildə şikayət edib BNA-nın ölkə qanunvericiliyinin tələbini pozduğuna dair şikayət ünvanlasın və yazılmış protokolun ləğvini tələb etsin. Diqqətiniz üçün təşəkkür edirəm.

İmza: Kənan Dalğa.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)