Sosial iqtisadiyyat

Azərbaycanda qiymətləndirmə ilə bağlı yeni qanunvericilik bazası formalaşdırılacaq

“Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var”.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 7-ci hesabat-seçki konfransında iştirak edən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Qiymətləndirmə fəaliyyəti uzun müddət formal xarakter daşıyıb. İqtisayyyatın strukturu dəyişdikcə və iqtisadi islahatlar dərinləşdikcə qiymətləndirmə fəaliyyətinə də yeni baxışa ehtiyac var. Bu da qanunvericilik bazasının möhkəmləndirilməsini tələb edir. Bu istiqamətdə bizim ayrı-ayrı müzakirələrimiz olub. Əminəm ki, növbəti mərhələdə qiymətləndirimə fəaliyyəti ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi prioritet məsələlərdən biri olacaq”.

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda Milli Məclisin gündəliyinə daxil edilə bilər: “Qiymətləndirmə fəaliyyəti barədə mövcud qanunun təkmilləşdirilməsi, yeni qanunvericilik bazasının formalaşdırılması əsas hədəflərdən biridir. Milli Məclis olaraq biz qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı öz təkliflərimizi təqdim edirik. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə də bu istiqamətdə əməkdaşlığımız davam edir. Əminəm ki, bu ildən bu istiqamətdə real addımların atılması mümkün olacaq və biz daha təkmil qiymətləndirmə fəaliyyəti ilə bağlı qanun çərçivəsində qiymətləndiricilərin fəaliyyətini müşahidə edəcəyik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)