Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzitin sadələşdirilməsi üçün razılaşma imzalaya bilər
Azərbaycan, Gürcüstan və Qazaxıstanın gömrük orqanları arasında tranzitin sadələşdirilməsi sahəsində razılaşmanın imzalanması beynəlxalq yükdaşımalarına müsbət təsir göstərəcək.
ENA.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması idarəsinin rəis müavini Samir Qaralov “Azərbaycanda beynəlxalq avtomobil daşımalarının perspektiv inkişafı”na həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, sözügedən razılaşma layihəsi üç olkənin iştirakı ilə 2016-cı ildə hazırlanıb, lakin hələ də imzalanmayıb.
Samir Qaralov qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan sənədi imzalamağa hazırdı. O, TRACECA rəhbərliyinə müraciət edərək, Qazaxıstanın da bu prossesə cəlb edilməsinə kömək etməyə çağırıb.
Samir Qaralov vurğulayıb ki, bu razılaşmanın imzalanması TRACECA koridoru çərçivəsində daşıyıcıların işinin 100% yaxşılaşmasına və sadələşməsinə böyük töhfə verəcək.