Qarabağ

Müdafiə Nazirliyi “Müharibə veteranı” ilə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi vətəndaş Əsgərov Vüqar Əli oğlunun “Müharibə veteranı” adının verilməsi ilə bağlı müraciətinə cavab verib.

Qurumdan  bildirilib ki, V. Əsgərovun döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlərin tamamlanması üçün zəruri işlər görülür:

“Həmin vətəndaş 29.04.2022-ci il tarixində təkrar olaraq müraciət edib. Nazirlikdən V.Əsgərova zəruri sənədlərin hazır olması barədə məlumat verilib. Əlavə olaraq izah olunub ki, ondan başqa 12000-dən artıq Vətən müharibəsi iştirakçısının arayış-məlumatları tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar verilməsi üçün müvafiq komissiyaya göndəriləcək.

Bildiririk ki, Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə "Müharibə veteranı" adı verilib. Vətəndaş V.Əsgərov da daxil olmaqla digər 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir.

Zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilməsi üçün müvafiq komissiyaya təqdim ediləcək.

Bundan sonra, "Müharibə veteranı" adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) verilməsi 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq”.

Nazirlik bir daha sosial şəbəkə istifadəçilərini əsassız iddialar səsləndirən vətəndaşların çıxışlarını yaymaqla ictimaiyyətdə yanlış rəy formalaşdırmamağa çağırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)