Gündəm

“Azərbaycan Dəmir Yolları”ndan əməkhaqları ilə bağlı AÇIQLAMA

Ölkəmizdə pandemiyanın təsirləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) digər sahələri ilə yanaşı, Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişin daşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər formalaşdırmış, eləcə də ölkədaxili və beynəlxalq sərnişin daşımalarında müəyyən məhdudiyyətlərin tətbiq olunmasına səbəb olub

ENA.az bu barədə ADY-ə istinadən xəbər verir.

ADY-dən bildirilir ki, həmin təsirlər fonunda iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə gətirib çıxarıb. Buna baxmayaraq aidiyyəti dövlət qurumlarının tövsiyələri nəzərə alınaraq pandemiya dövründə həmin işçilərə qarşılıqsız olaraq tam əmək haqlarının ödənilməsi təmin edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-də 18 mindən çox işçi heyəti var.  Pandemiya müddətində yalnız 2 000-ə (iki minə)  yaxın işçi əmək fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə 10 000 000 (on milyon) manatdan artıq vəsaiti əhatə edən əmək haqqı ödənilib. Bundan əlavə yoluxmanın yüksək olduğu müxtəlif dövrlərdə istehsalatın fasiləsizliyi təmin edilməklə əməkdaşların növbəli şəkildə 30 % və ya 50 % işə cəlb edilməsi zamanı da bütün əməkdaşların əmək haqlarının tam məbləğdə ödənilməsi həyata keçirilib.

ADY-nin açıqlamasında deyilir ki, hazırkı mühit yaranmış əvəzi ödənilməyən öhdəliklərin qarşısının alınmasını, ADY-də borcların restrukturizasiyasına təsirlərin minimallaşdırılmasını, müvafiq fəaliyyətinin daha optimal həcmdə resurs sərf etməklə həyata keçirilməsini, işçilərin sayının işin həcminə uyğunlaşdırılmasını və kadr potensialının buna mütənasib optimallaşdırılmasını zəruri edib. Bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq fəaliyyətsiz qalmış işçilərin boşdayanma vaxtı həmin işçilər üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində ödənişin tətbiqinə başlanılmış və sözügedən bütün tədbirlərin əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla həyata keçirilməsi təmin edilib.

Qeyd olunanlarla yanaşı, fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşların sonrakı məşğulluğunun təmin edilməsinə lazımi dəstəyin verilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılmış və bu əməkdaşların DOST İş Mərkəzi tərəfindən müvafiq işlərə cəlb edilməsinə dair razılıq əldə edilib.

Məlumat üçün bildirilir ki, fəaliyyətsiz qalmış əməkdaşların yeni quruma keçidi zamanı boşdayanma zamanı alacaqları əmək haqqıya (tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində) yaxın və ya daha yuxarı əmək haqqının ödənilməsi təmin ediləcək. Eyni zamanda, sosial dayanıqlığın təmin edilməsi məqsədilə sözügedən əməkdaşların DOST İş Mərkəzinə keçidi zamanı onlara vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department