Türk ölkələri birgə sərnişin təyyarəsi istehsal edəcək
Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib. Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hava limanının açılışında iştirak edib, daha sonra təkbətək görüş keçiriblər.
Bundan bir neçə gün öncə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Ankaraya işgüzar səfərdə olub. Görüşlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutub. Azərbaycan və Qazaxıstan liderlərinin Ankaraya səfəri Türk dünyası ölkələrinin strateji əməkdaşlıq əlaqələrinin inkişafı baxımdan mühüm əhəmiyyətə malikdir.
Türkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuşun sözlərinə görə, iki dövlət başçısının Türkiyə səfəri vacib mesajlar verir:
“Ötən günlərdə Azərbaycan Prezidenti İllham Əliyev Türkiyəyə əhəmiyyətli səfər etdi. Bu səfər olduqca önəmlidir və Azərbaycanla Türkiyənin nə qədər yaxın olduğunu göstərir. İki dövlət, bir millət olduğumuzu prezidentlər səviyyəsində təsdiq edirik. Yeni açılan hava limanı çox yaxın müddətdə Azərbaycan ilə ticarəti daha da artıracaq. Eyni zamanda arzumuz Zəngəzur bölgəsindən dəmir və hava yolunun açılmasıdır. Bununla ölkələrimiz arasında ticarət əlaqəsi daha da yaxınlaşmış olacaq”.
Ərdoğan Karakuş Türk dövlətlərinin işbirliyindən söz açaraq, yeni layihələrin gözlənildiyini deyib. General türkdilli ölkələrin birgə sərnişin təyyarəsi istehsal edəcəyini sözlərinə əlavə edib:
“Türkiyə müdafiə sənayesi mövzusunda Türk dövlətləri ilə birgə işləmək istəyir. Milli döyüş təyyarəmiz uğurlu olduqdan sonra Türk Dövlətləri Təşkilatı sərnişin təyyarələri ilə bağlı addımlar atacaq. Dünyada sərnişin təyyarələri istehsal edən ölkələr məhdud saydadır. Əgər uğurlu olarsa, Türkiyə bu prosesə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, hətta Tacikistanın da daxil edilə biləcəyi bir platforma yaradacaq”
“Türk dövlətləri bu yolla iqtisadiyyatlarını dirçəltməklə müdafiələrini də təmin etmiş olacaqlar. Türkiyə, Azərbaycan və Qazaxıstanın təşkilatı daha da irəliyə aparma niyyəti var, üç ölkənin fəaliyyəti boşa getməyəcək”, – deyə türkiyəli general gözləntilərinin müsbət olduğunu bildirib.