Birja

Çindəki qapanmalar nefti ucuzlaşdırır - QİYMƏT

Neft qiymətləri Çində COVID-19-un yayılmasının qarşısını almaq üçün tətbiq edilən karantin tədbirləri səbəbindən iqtisadi fəaliyyətdə kəskin azalma siqnalları ilə düşür.

Bazar ertəsi açıqlanan statistikaya görə, aprel ayında Çində sənaye istehsalı 2020-ci ilin mart ayından bəri ilk dəfə azalıb və pərakəndə satışlardakı azalma eyni vaxtdan bəri ən yüksək olub.

Çin dünyanın ən böyük neft idxalçısıdır və zəif iqtisadi statistika ölkədə enerji istehlakının ehtimal olunan azalmasını göstərir.

Londonun ICE Futures birjasında bazar ertəsi saat 9:10-a olan Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 109,14 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 2,41 dollar (2,16%) aşağıdır. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında iyun ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 108,27 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 2,22 dollar (2,01%) aşağıdır. 

Ötən həftənin yekunlarına görə, Brent 0,8%, WTI 0,7% bahalaşıb.

Bu arada Aİ-nin maliyyə nazirləri Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsini müzakirə etmək üçün bazar ertəsi Brüsseldə görüşməyə hazırlaşır. Bundan əvvəl bildirilib ki, bəzi Avropa ölkələri Macarıstanın dəstəkləməyəcəyi təqdirdə Rusiya neftinin idxalına qoyulan qadağanın təxirə salınması imkanını nəzərdən keçirməyə hazırdır.

Bloomberg xəbər verir ki, eyni zamanda, Aİ embarqo ilə bağlı razılaşdırılmış qərar qəbul etməsə belə, Almaniya bu ilin sonuna qədər Rusiyadan neft idxalını dayandırmağı planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)