Rəsmi

“Vergi və gömrük sahəsində şəffaflıq və dürüstlük təmin edilib”

Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurla olduğunu, dünyada və bölgədə gedən proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü 5 illik proqramın başa çatdığını, bu il 4-cü proqramın qəbul olunacağını, ötən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlət başçısı ölkədə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirib. 

"BI" xəbər verir ki, dövlət başçısı bu haqda Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı danışıb. 

İlham Əliyev Ermənistan istisna olmaqla, digər qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan tərəfdaşlıq prioritetləri sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik etdiyini deyib. Xəzərin hüquqi statusu ilə bağlı imzalanan konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Prezident onu da qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. 

2018-ci ili dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirib ki, ötən il ümumdaxili məhsul 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb. Ölkədə 118 min daimi iş yeri yaradılıb. 

Prezident sonda vergi və gömrük sahəsində aparılan islahatların çox böyük əhəmiyyət daşıdığını deyib. İlham Əliyev qeyd edilən sahələrdə şəffaflıq və dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizə aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini  vurğulayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)