Taxılla bağlı təcili ÇAĞIRIŞ – “Vəziyyət daha pis olacaq”
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli Odessada limanların təcili açılmasını tələb edib.
ENA.az xəbər verir ki, BMT rəsmisi limanlar açılmasa, ərzaq qıtlığı yaşanacağını bildirib.
"Dünyada 44 milyon insan aclıqdan əziyyət çəkir. Biz bu limanları açmalıyıq ki, qida Ukraynadan digər ölkələrə gedə bilsin. Dünya bunu tələb edir, çünki qlobal miqyasda milyonlarla insan bu resurslardan asılıdır. Zaman daralır və hərəkətsizliyin nəticəsi hər kəsin gözlədiyindən daha pis olacaq", - o deyib.
Ümumdünya Ərzaq Proqramının bəyanatında qeyd olunub ki, limanlar müharibə səbəbindən bloklanıb, Odessa və Ukraynanın Qara dənizdəki digər limanlarında yerləşən anbarlarda saxlanılan taxılı ixrac etmək mümkün deyil.
Bildirilib ki, Ukrayna limanları açılmasa, yerli fermerlər iyul-avqust aylarında məhsullarını saxlaya bilməyəcəklər. Bəyanatda, həmçinin vurğulanıb ki, qlobal aclıq böhranı ilə mübarizə aparılan zamanda milyonlarla ton taxılın hədər olması böyük fəsadlara gətirib çıxaracaq.